Cahangir Həsənzadə “Xəzər Lənkəran”ın futbolçusu kimi ilk
müsahibəsini Peşəkar Futbol Liqasının rəsmi
saytına verib. C.Həsənzadə müsahibə
zamanı bir sıra məqamlara toxunub.
- Bu gün “Xəzər Lənkəran”la 1 illik
müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik.
- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı.
Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün
oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.
- “Araz Naxçıvan”ın düşərgəsini tərk
etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq
böyük təzad deyilmi?
- Bəli, mən yenə sözümü deyirəm. Əgər
hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif
oldu və mən razılaşdım. 35 yaşım
olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. “Xəzər Lənkəran”
kimi klubda oynayacağıma görə çox şadam.
- “Xəzər Lənkəran” karyranızın
sonuncu klubu olacaq?
- Onu Allah bilir. Mən çalışacağam
ki, sonluğu yaxşı nəticə ilə gətirim.
- “Xəzər Lənkəran”ın qapıçı
baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı
oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?
- Əlbəttə, “Xəzər Lənkəran”da
oynamaq iki qat çətindir. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə
arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli,
cənubda oynamaq çətindir. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var,
bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək
və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ
“Xəzər Lənkəran”ın uğur qazanmasıdır.
- “Xəzər Lənkəran”ın mütləq hədəfi
çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?
- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs
bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.
Müsahibəni hazırladı: Elgiz Abbasov
|