27 avqust Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, ilk dəfədir ki, iki komandamız ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək. Dünən keçirilən cavab oyunlarından sonra “Qəbələ” və “Qarabağ” Avropanın güclüləri sırasına düşməyi bacardı. İlk oyunda səfərdə “Yanq Boys”u (İsveçrə) 1-0 hesabı ilə məğlub edib mərhələnin taleyini böyük ölçüdə həll edən təmsilçimiz cavab görüşündə böyük üstünlüklə qalib gəldi – 3:0. Bununla da “Qarabağ” ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazandı. “Qəbələ” isə ilk dəfə bu həyəcanı yaşayacaq. Təmsilçimiz “Bakcell Arena”da qolsuz bərabərə qaldığı “Panatinaikos”u (Yunanıstan) səfər qolları hesabına üstələdi. Oyun 2-2 bitdiyi üçün “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkatması bu gün saat 16:00-da atılacaq.
|