Topaz Premyer Liqasının 5-ci turu “Neftçi”nin
yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları
ilə əlamətdar olub. “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu
vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. AZAL-la
qarşılaşmada 3:0 hesablı qələbəyə 1 qolla töhvə verən Reynaldo isə bu göstəricidə
25-ə çatıb. Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən
çox qol vuran legionerlərin siyahısında irəliləyib. Flavinyo uruqvaylı Valter
Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə
20-ci yerə şərikdir. “Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında
3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır.
“Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis
Ramimdən (27) sonra 6-cıdır. Hər iki braziliyalı bütün qollarını öz klubunun heyətində vurub. Onlar bu
komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo
bu siyahıda 8-ci, Flavinyo 9-cudur.
|