Azərbaycan
kubokunun 1/2 final ilk oyunları çərçivəsində “Rəvan” səfərdə “Neftçi”nin
qonağı oldu. Tyaqo de Souzanın uzatma dəqiqələrində vurduğu qol “Rəvan”a kubokun ilk oyununda 1-1 hesablı heç-heçəni gətirdi.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Kubokda iki oyun olur. Finala
çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr
də bu məqsədlə edilmişdi, risk etdim. “Neftçi” ilk hissədə bizə oynamağa imkan
vermədi. İkinci hissədə isə ötürmələrdə daha yaxşı idik, lazım olan qolu
vurduq. Cavab oyununda üstünlüyümüz olacaq. İki futbolçumuz kart cəzalısı
olduğu üçün cavab oyununda oynamayacaq. Premyer Liqada bazar günü oyunumuz var.
Heyətimizdə cəmi 15 futbolçu var, qalanları əsasən gənc futbolçulardır.
Futbolçu qol vuranda sevinə bilər, lakin bununla rəqib azarkeşləri qıcıqlandırmamalıdır.
Eyni gəminin içindəyik, lazımi tədbirlər görəcəyik. Cərimə zərbələrini çox bərbad
yerinə yetirdik, belə hallar adamı dəli edir”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Gərgin oyun yox idi. Əlimizə düşən
imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda
bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi”
qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab
oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5
hücumçu ilə oynayacam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi
cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə
edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə
qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Rauf
Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi.
Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı – susmaqdır. “Rəvan”ı keçməmək mənim
üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”.
|