Azərbaycan
kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçirilib. Qəbələdə baş tutan
qarşılaşmada şəhərin eyniadlı komandası “Xəzər Lənkəran”la qarşılaşdı və rəqibini
3-0 hesabı ilə məğlub edərək cavab qarşılaşmasından öncə üstünlük qazandı.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bu cür oyunu gözləmirdim. Məğlub
olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib
oyunlardan biri olacaq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı
itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi
hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0-3 ağır hesabdır. Son sözümüzü
söyləməmişik”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Qarşıda hələ cavab oyunumuz var. Bu gün
isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq.
Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi
yanaşmalıyıq. Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok
oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən
hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi
davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam
etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz
yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi
dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq
oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm
də hücumda oyunumuz yaxşı alındı”.
|