Bu gün Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünun
püşkatma mərasimi keçirildi. Tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının
prezidenti Ramin Musayev yeni mövsümdə ölkə çempionatında olacaq yenilikləri tədbir
iştirakçılarının diqqətinə çatdırdı: “İlk öncə Avroliqa təmsilçilərimizi təbrik
edirəm. Yeni mövsümdə Topaz Premyer Liqasında dəyişikliklər olacaq. Yeni
mövsumdən I Divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaş altı futbolçu
iştirak etməlidir. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I
Divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək. Yeni
mövsümdən etibarən Adidas şirkətinin istehsalı olan “Kafusa” (Cafusa)
toplarından istifadə olunacaq. Hər bir komandanın oyun formalarında futbolçuların
ad və ya soyadı qeyd olunacaq. Bəzi gərgin oyunlarda 6 hakimdən istifadə
olunması üçün Hakimlər Komitəsinə müraciət edəcəyik. Növbəti mövsümdən I
Diviziondan Premyer Liqaya bir komanda yüksələcək. Həmçinin, PFL tərəfindən
verilmiş xüsusi lisenziyası olmayan klub nümayəndələri komandalarının
oyunları zamanı texniki zonada əyləşə bilməyəcəklər”.
Daha sonra klub nümayəndələrinin iştirakı ilə Topaz Premyer Liqasının 2013/2014-cü
il mövsümünün püşku atıldı. 03-04 avqust tarixlərində baş tutacaq I turun
oyunlarında qarşılaşacaq komandalar aşağıdakı kimidir: “Sumqayıt” – “Xəzər Lənkəran“ “İnter” – “Qarabağ” “Bakı” - “Qəbələ“ “Neftçi“ – AZAL “Simurq“ – “Rəvan“ Daha sonra Ramin Musayev KİV nümayəndələri maraqlandıran
sualları cavablandırdı: “Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim
var. Məgər biz zəifik? Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs
gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2
klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə
ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların
olacağını görəcəksiniz. “Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan
“Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk matçlarının evdə
olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutmuşduq. Ancaq
“Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə,
“Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə
keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı
fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir
günə salacağıq”.
Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında
olduğu Türkiyədə keçirilməyi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl
fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində,
Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti
Mübariz Mənsimov təklif etmişdi”.
|