Unibank Premyer Liqasının XXII turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu yeniləyib. Ağdam təmsilçisi ardıcıl 7-ci çempionat oyununda qapısından qol buraxmayıb. Son turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra hələ də serbiyalı qolkiperi məyus edən tapılmayıb. Komandasının son 7 oyununda qapıda əvəzolunmaz olan Pavloviç artıq 632 dəqiqədir ki, qapısından qol buraxmır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün “Qarabağ”ın qapıçısına cəmi 28 dəqiqə çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq zəruridir. Serbiyalı təsnifat mərhələsinin son oyununda bunu bacararsa İFFHS-in siyahısında Azərbaycan çempionatını təmsil edən 16-cı göstəricinin müəllifi olacaq. Belə ki, bu siyahıya klublarımızın qapıçıları tərəfindən əldə olunan 15 nəticə düşüb. Bunlardan ikisi “Qarabağ”ın hesabındadır. Hər iki nailiyyət Camaləddin Əliyevə məxsusdur. Bu isə o deməkdir ki, Əliyev həm də Ağdam klubunun rekordçusudur. Pavloviç 660-a çatarsa klubunun ümumdünya reytinqində 3-cü uğuru və 2-ci qapıçısı olacaq.
Azərbaycan çempionatının İFFHS-in siyahısındakı təmsilçiləri:
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə 2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985 3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971 4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952 6. Elxan Həsənov (“Neftçi”) – 943 7. Dmitri Kramarenko (“Karvan”) – 798 8. Dmitri Kramarenko (“Neftçi”) – 772 9. Rauf Mehdiyev (“Olimpik”) – 746 10. Elşən Poladov (“Bakı”) – 744 11. Nadir Şükürov (“Dinamo”) – 741 12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735 13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 14. Camaləddin Əliyev (“Qarabağ”) – 700 15. Rauf Mehdiyev (“Olimpik”) – 676
|