Unibank Premyer Liqasında 691 cüt: Qarşıdurmaların tarixindən 10
fakt
2012-ci ildən başlayaraq Peşəkar Futbol Liqasının
rəsmi saytı çempionat oyunlarında üz-üzə gələn klublar arasında oyunların
balansını təqdim edir. Azərbaycanın futbol üzrə 20 çempionatındakı bu
qarşılaşmaların balansı bir sıra maraqlı məqamları üzə çıxarır.
691 cüt. İndiyə qədər Azərbaycan çempionatları tarixində 691 müxtəlif cüt üz-üzə gəlib. Lakin bunların 27-i yalnız
texniki nəticələrlə tarixdə qalıb. Digər 664 cüt isə ən azı 1 dəfə yaşıl
meydanda münasibətlərini ayırd edib.
Əbədi cütlər. Bütün çempionatların
iştirakçısı olan “Neftçi”, “Qarabağ” və “Turan”ın iştirakı ilə olan 3 cütdən
2-sinə hər çempionatda təsadüf olunub. Bunlar “Neftçi” – “Turan” və “Qarabağ” –
“Turan” cütləridir. “Neftçi” ilə “Qarabağ” ayrı qruplara düşdükləri üçün 1993-cü il mövsümündə üz-üzə gəlməyiblər.
46 duel. Ən çox qarşılaşan
komandalar da “Neftçi” və “Qarabağ”dır. Onlar təkcə çempionatda 46 dəfə
görüşüblər.
23 qələbə. Eyni rəqibi ən çox məğlub
edən komanda “Neftçi”dir. Bakılılar “Turan”ı rekord sayda – 23 dəfə məğlub
edib. Eyni məntiqlə bir rəqibə ən çox uduzan da “Turan”dır.
19 “sülh”. Hamıdan çox heç-heçə edən
komandalar “Neftçi” və “Qarabağ”dır. Əzəli rəqiblər 19 çempionat oyununda
“sülh” bağlayıblar.
Barışmaz rəqiblər. Heç vaxt heç-heçə etməyib
daha çox qarşılaşan cütlük isə “Qarabağ”la Sumqayıt “Xəzər”idir. Rəqiblər 19 dəfə
görüşsə də heç-heçə üzü görməyiblər. Bu oyunlarda 16 dəfə “Qarabağ”, 3 dəfə
“Xəzər” sevinib.
“Kabus”. Eyni rəqibə daha çox
matçda uduzmayan komanda “Kəpəz”dir. Gəncə təmsilçisi MOİK üçün əsl “kabus”dur.
Belə ki, rəqiblər arasında 22 oyunda 5 heç-heçə olubsa, digərlərində gəncəlilər
sevinib.
63 qol. Bir rəqibin qapısına
rekord sayda qol vuran komanda “Neftçi”dir. Bakılılar “Turan”ın qapısına 63 qol
vurublar.
100-ə nə qaldı... “Neftçi” – “Turan” və
“Qarabağ” – “Turan” duellərində 95 qol vurulub. Texniki nəticələrə görə
hesablanan qollar nəzərə alınmasa “Neftçi” 63:32, “Qarabağ” isə 55:40 hesabı ilə
tovuzluları üstələyir.
44 top fərqi. Balansdakı ən böyük top fərqi
“Kəpəz” – MOİK oyunlarına aiddir. Həmin qarşılaşmalarda gəncəlilər 44 top fərqilə
öndədir – 53:9.
|