İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirib. İlin "Döyüşkən İdman Xadimi" nominasiyasında qalib olan "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov və "İlin Döyüşkən Məşqçisi" seçilən MMA idmançısı Bəxtiyar Abbasov təltif edilib.
"Qəbələ" İdman Klubunun ofisində keçirilən mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbiri giriş sözü ilə açan İAM-ın sədri Elşən Məmmədov builki mükafatlandırmanın fərqli keçirildiyini diqqətə çatdırıb: "Bu, bir tərəfdən koronavirus pandemiyası şəraitində idman yarışlarının bəzilərinin təxirə salınması, bəzilərinin isə ümumiyyətlə, baş tutmaması ilə bağlı idi. Lakin əsas səbəb 44 günlük Vətən müharibəsi oldu. Hamı əlindən gələni etdi, nəticədə Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti, hərbçilərimizin, şəhidlərimizin canı və qanı bahasına qələbə qazandıq. Qarabağ şavaşında Azərbaycanın idman ictimaiyyətinin 500-dən çox nümayəndəsi - idmançılar, futbolçular, məşqçilər, idman funksionerləri, klub rəhbərləri və jurnalistlər ön cəbhədə idilər. Onların 50-dən çoxu şəhid, eyni sayda döyüşçümüz qazi olub".
İlk olaraq "ilin döyüşkən məşqçisi" seçilən Bəxtiyar Abbasov mükafatlandırılıb. Bəxtiyar Abbasova mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.
Umudov bunun böyük təqdimat olduğunu bildirib: "Ali Baş Komandanın rəhbərliyi altında qazandığımız zəfər gücümüzü göstərdi. Torpaqlarımız işğalda olanda o acı bizə təsir edirdi. Ordumuz və Ali Baş Komandan bizə sevinci bəxş etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm, biz birlikdə güclüyük".
Daha sonra isə "İlin Döyüşkən İdman xadimi" Fariz Nəcəfov təltif edilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Qazandığı mükafatla bağlı təəssüratlarını bölüşən Nəcəfov bunları söyləyib: "Vətəni qorumaq hər birimizin borcudur. Torpaqlarımızın işğaldan azad olmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Hamımızın şəhidlərə borcu var. Təsəvvür edin, Beyləqanda, Füzulidə peraşki satan yaşlı qadın belə, bizdən pul almırdı. Deyirdim ki, formama baxma, imkanım var, ay ana. Deyirdi ki, bala, Allah sizi saxlasın, pul almaram. Hər bir vətəndaşa minnətdaram. Biz Ana Vətənimizi, anamızı işğaldan azad etmək üçün döyüşürdük. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə tezliklə şəfa versin".
Daha sonra PFL prezidenti Ramin Musayev çıxış edərək bu medalın Fariz Nəcəfov üçün ən dəyərli mükafat olduğunu söyləyib: "Sənin çox medalların olub, amma ən dəyərlisi budur. Çünki ən dəyərli şey Ana Vətəndir. Hər birinizi salamlayıram. Bəxtiyar Abbasov hər zaman haqqın tərəfində olub. Allah ona ömür versin. Xoş günlərini görək. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Danışmaq lazımdır, çünki tarixdir. Olanları danışmaq - şəhidləri yaşatmaq deməkdir. Bu gün ölkə xaricinə çıxanda ürəklə deyəcəyik ki, biz azərbaycanlıyıq.
Biz əvvəl-axır bilirdik ki, bu günlər gələcək. Kollektivimizdəki uşaqlara deyirdim ki, Qarabağ bizimdir. Ali Baş Komandan və Ordumuz bizə bu sevinci yaşatdı".
Bundan başqa, tədbirdə hərəsindən bir idman jurnalisti olmaqla, 51 KİV nümayəndəsi arasında aparılan səsvermə nəticəsində bir neçə nominasiya üzrə qalib müəyyənləşib. Qaliblərdən 2-si şəhid - cüdoçu Cəbrayıl Dövlətzadə və futbolçu İlqar Bürcəliyev, biri - jurnalist Daşqın Əziz isə qazidir. Onlar müvafiq olaraq "İlin Döyüşkən İdmançısı", "İlin Döyüşkən Futbolçusu" və "İlin Döyüşkən İdman Jurnalisti" seçilərək təltif olunublar. Eyni zamanda "Qarabağ" İlin Döyüşkən Komandası, Azərbaycan Cüdo Federasiyası "İlin Döyüşkən İdman Qurumu" kimi mükafatlandırılıb.
|