![](uploads/49252000000000.JPG) Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti postuna növbəti seçkilər keçirildi. AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi seçkiyə Premyer Liqa klublarının nümayəndələri də qatıldılar. Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırkı prezidenti Ramin Musayev növbəti 4 ildə də prezident postunda fəaliyyət göstərəcək. Belə ki, seçicilərin hər biri Ramin Musayevin yenidən prezident seçilməsinə səs verdilər. Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlər üçün mətbuat konfransı keçirdilər. AFFA prezidenti Peşəkar Futbol Liqasının çempionatı yüksək səviyyədə təşkil etdiyini bildirib, qurumun işini qənaətbəxş saydı: “Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat təşkil etmişik. Ən əsası, ədalətli təşkilatçılıq, eyni zamanda ədalətli hakimliyimiz olub. Mən PFL-ə tövsiyələrimi verdim. Gələn ilin may ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik, 2017/2018 ci illər mövsümündə azı 10 komandalı çempionat reallaşdıraq”, deyə Rövnəq Abdullayev məsələyə münasibət bildirdi. Ardından PFL prezidenti Ramin Musayev ona göstərilən etimada görə təşəkkürünü bildirdi və görülən işlərdən, eləcə də qarşıda duran planlardan bəhs etdi: “Bu gün bizim çempionat UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdədi. PFL yaranan ildə çempionatımız 44-cü pillədə qərarlaşmışdı. Biz 8 il ərzində 20 pillə irəliləməyə nail olmuşuq. Bu, mənim yox, UEFA-nın sorğusudu. 54 ölkə arasında son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdı. Dünyada isə PFL yaranana qədər 110-cu yerdə olsaq da, bu gün 38-ciyik. Düzdü, bununla əlimizi yanımıza salmırıq. Qarşıdakı illərdə daha da irəliləməyə çalışacağıq”. PFL prezidenti əlavə etdi ki, qurum Azərbaycan futbolunda vahid sistemlər formalaşdırıb: “Biz çempionatda vahid top tətbiq etdik, oyunlara çəkiliş qrupları göndəririk, 8 il ərzində keçirilən oyunların bütün videoyazıları var. Biz fəaliyyətimiz ərzində klublarla birgə çalışmışıq. Bunu seçki zamanı klub nümayəndələri də bildirdilər”. Ramin Musayev prezident postuna tək namizəd olmasına da münasibət bildirdi: “Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi. Buna görə çox üzüldüm. Bu gün də tək namizəd olmağım mənə yaxşı təsir etmədi. Yaxşı olardı ki, 2-3 namizəd olsun. Hər kəsin futbolda gördüyü işlərlə bağlı açıqlaması ilə tanış olardıq. Görərdik, kimin planları daha gözəldi, kim nə iş görüb. Rəqibim olmasa da, daha yaxşı işlər görməyə çalışacağam”.
![](uploads/5898525577b85d14d660.jpg)
![](uploads/965852577b85d1684c9.jpg)
![](uploads/5868682577b85d17d6d8.jpg)
![](uploads/1004339577b85d19e11d.jpg)
![](uploads/1484534577b85d1ad391.jpg)
![](uploads/3581513577b85d1c002e.jpg)
![](uploads/2851048577b85d1d13d4.jpg)
![](uploads/928393577b85d1e3ee3.jpg)
![](uploads/1916153577b85d1f3441.jpg)
![](uploads/1325731577b85d20e3f2.jpg)
![](uploads/1829418577b85d21cfdd.jpg)
![](uploads/8542494577b860300df4.jpg)
![](uploads/2833360577b860313e46.jpg)
![](uploads/7177695577b86032b9d0.jpg)
![](uploads/9852040577b86033bdc7.jpg)
![](uploads/8495626577b86034f39f.jpg)
![](uploads/4713309577b86035e522.jpg)
![](uploads/603413577b86036d6b6.jpg)
![](uploads/5244036577b860381942.jpg)
![](uploads/749988577b8603921db.jpg)
![](uploads/6981802577b8603a15d1.jpg)
|