![](uploads/33645tpl1.jpg) Topaz Premyer Liqasının X turu paytaxt derbisi ilə əlamətdar oldu. “Bakcell Arena”da keçirilən “Neftçi” – “İnter” görüşü 1-1 hesabı ilə başa çatdı. Zaur Svanadze (“İnter”in baş məşqçisi): “İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq”. Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb. Çalışdıq ki, bu gün yaxşı oynayıb, qara zolaqdan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrində qol buraxdıq. Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub-saxlamağı bacarmadıq. Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım”.
|