Topaz Premyer Liqasının X turunun maraqlı oyunlarından biri Zirədə baş tutdu. Belə ki, “Zirə” – “Kəpəz” görüşündə qapılara 4 qol vuruldu. 2-2 hesabı ilə bitən matçdan sonra komandaya cavabdeh şəxslər fikirlərini bölüşdülər. Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik. Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq”. Ayxan Abbasov (“Zirə”nin məşqçisi): “Çempionatın ən maraqlı oyunlarından birinə şahidlik etdik. Düşünürəm ki, oyunu oxşar komandalar mübarizə apardı. Qəbələ səfərindən sonra heyətdə müəyyən yorğunluq vardı. Oyunun əvvəlində qol buraxsaq da, sonradan toparlanıb hesabda önə keçdik. Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq. Rəqib bərabərlik qolunu vursa da, futbolçulardan razıyıq. 3 gün sonra bizim “İnter”lə çətin oyunumuz var. Kollektivimiz genişdir, təcrübəli oyunçularımız az deyil. Qarşıdakı oyuna hazırlaşıb, öz oyunumuzu sərgiləyəcəyik. Hər oyun bizim üçün təcrübədir. Düşünürəm ki, bu oyunda bizim üçün 1 xal yaxşı nəticədir”.
|