![](uploads/20973Smqyityeni.jpg) Topaz Premyer Liqasının X turu “Sumqayıt” üçün uğurlu alındı. Samir Abasovun rəhbərlik etdiyi komanda səfərdə “Xəzər Lənkəran”ı üstələdi. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdur. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım. İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər”. Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən “Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik. Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.
|