![](uploads/96610azalyeni.jpg) Topaz Premyer Liqasının XXVI turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlubiyyətə uğratdı. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”. Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.
|