 Futbol üzrə Azərbaycan I
divizionunda sona altı tur qalmış “Qaradağ Lökbatan” klubunun çempionluğu
bəlli oldu. Belə ki, 62 xalla turnir cədvəlinin lideri olan “Qaradağ Lökbatan” ən
yaxın izləyicisi “Neftçala”nı 16 xal qabaqlayır. Artıq gələn mövsümdən etibarən Unibank Premyer
Liqasında çıxış edəcək “Qaradağ
Lökbatan”ın baş məşqçisi Adil Mahmudov www.pfl.az saytına
verdiyi açıqlamada bu cür çempion olacaqlarını gözləmədiklərini bildirdi: “Hər
bir komandanın arzusu çempion olmaqdır. Çox şadam ki, bu sevinci yaşamaq bizə də
qismət oldu. Komandamız özünə inanırdı. Mövsümün əvvəlindən əzmkar mübarizə
aparırdıq. Çempionluqda komandanın hər bir fərdinin, xüsusilə rəhbərliyin çox
böyük payı var. Mən komandanın prezidenti Tahir Mustafayevə bizə göstərdiyi
diqqətə görə bir daha təşəkkür etmək istəyirəm”.
“Birinci dövrədə biz 2-3-cü pillələrdə qərarlaşırdıq.
Qış fasiləsində qarşımıza məqsəd qoyduq ki, ancaq çempion olmaq və hər oyunda
qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçularım çox böyük əzmkarlıq göstərdilər.
Onların hər birinə öz təşəkkürümü bildirirəm. Nəzərə almaq lazımdır ki,
“Qaradağ Lökbatan”ın heyətində bir nəfər də olsun milli komanda üzvü
yoxdur. Amma onların cari mövsümdə qazandıqları təcrübə artıq onların Premyer
Liqada oynamalarına imkan verir. Ona görə də, biz növbəti mövsümdə heyətdə əsaslı
dəyişiklik etməyi düşünmürük. I Divizion ilə Premyer Liqa arasında səviyyə fərqi
olduğuna görə müəyyən transferlər etmək vacibdir. Bəzi boşluqları aradan
qaldırmaq üçün yeni futbolçular transfer edəcəyik, ancaq əksər oyunçular
komandada qalacaq. Bu həm də halallıq məsələsidir. Axı komandanın Premyer
Liqaya yüksəlməsində onların böyük əməyi var”.
“Ötən mövsümlə müqayisədə bu il I Divizionda daha güclü mübarizənin şahidi olduq.
Bu da ölkədə futbolun inkişaf etdiyinin göstəricisidir. Bu il 3-4 komandanın
heyətində legioner futbolçular çıxış edirdilər. Bölgə komandaları da artıq
oyunlarda öz güclərini ortaya qoyurlar. Diqqət yetirsəniz görərsiniz ki, bölgə
komandalarının əksəriyyətini biz minimal hesabla məğlub edə bilmişik. Çox gərgin
mübarizə nəticəsində qələbə
qazanırdıq”.
“Artıq çempion olduğumuz bəlli olsa da, növbəti
qarşılaşmalarda da qələbə qazanmağa çalışacağıq. Komandada yüksək əhval-ruhiyyə
hökm sürür. Belə olan halda qələbə qazanmaq da asan olur. Hər bir komandaya
uğurlar arzulayıram. Çox gözəl çempionatın şahidi olduq. Bütün rəqiblərə təşəkkür
edirəm”.
|