Topaz
Premyer Liqasının 2013/2014 mövsümündə qapılara ümumilikdə 432 qol vurulub.
Bunlardan 190 top ilk hissədə, qalan
242-si isə ikinci hissədə qeydə alınıb.
Topaz
Premyer Liqasının oyunlarının ilk hissəsində hamıdan çox qol vuran isə “İnter”dir.
Mövsümün gümüş mükafatçısı 27 dəfə rəqibi ilk 45 dəqiqədə meydanın mərkəzinə dəvət
edib. Bu mövsüm Premyer Liqanı tərk etmiş “Rəvan” isə ilk hissələrdə hamıdan az
– cəmi 10 dəfə fərqlənib.
İkinci
hissələrdə ən məhsuldar nəticə isə “Qarabağ”ın payına düşür. Ağdamlılar oyunların
ikinci hissələrində 43 dəfə rəqibi məyus edə bilib. Qeyd edək ki, bu göstərici
komandanın ilk hissələrdə vurduğu qol sayından, demək olar ki, iki dəfə çoxdur
(ilk hissələrdə 23 qol). “Rəvan” klubu isə bu göstəricidə də hamıdan geridə
qalıb. Paytaxt təmsilçisi ikinci hissələrdə cəmi 12 qol vura bilib.
Cərimə
zərbələrindən ən çox faydalanan komandalar “Bakı” və “Neftçi”dir. Paytaxt
klubları hərəyə 10 dəfə standart vəziyyətlərdən rəqiblərini məyus edib. Künc zərbələrindən
isə “Qəbələ” 8 dəfə qol vurmaqla ən yaxşı nəticəni müəyyən edib. “Bakı” klubu həm
də 11 metrlik cərimə zərbələrindən vurulan qolların sayına görə liderdir – 8 top.
Komandaların
buraxdığı qollara nəzər saldıqda “Sumqayıt”ın cərimə zərbələri zamanı uğursuz
oynadığı görünür. “Gənclər şəhəri”nin təmsilçisi qapısında gördüyü 61 qoldan
10-nu məhz cərimə zərbələrindən buraxıb. Standart vəziyyətlərdən buraxılan
qolların statistikasında “Rəvan”ın da göstəricisi ürəkaçan deyil. Bakılılar 66
qoldan 9-nu künc zərbəsindən sonra buraxıb. Mövsüm boyu 11 metrlik cərimə zərbəsindən
ən çox qol buraxan isə “Xəzər Lənkəran”dır. Rəqibləri cənub təmsilçisi 8 dəfə
penaltilərdən vurulan qollarla məyus edib.
|