Azərbaycan kubokunun final oyunundan sonra təşkil olunmuş mətbuat
konfransında çıxış edən “Neftçi” klubunun baş məşqçisi oyun haqqında fikirlərini
bildirib:
“Əsl final oyunu oldu. Çox gərgin oyun keçdi. “Qəbələ” güclü
komandadır. Oyundan öncə də qeyd etmişdim ki, Azərbaycanda iki titul var –
çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik
edirəm. Mövsüm sonunda klubla müqaviləm başa çatır. Klubun prezidenti Sadıq
Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəm. Heç
zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq
üçün risk eləmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov
da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Mahir
artıq dağın zirvəsini görmüş adamdır. O zirvədən aşağı düşür yavaş-yavaş. Məqsəd
isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Mənə komandada
heç kim etiraz edə bilməz. Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm.
Erik Ramos Rəşad Sadıqov əvəzlənərkən meydanın mərkəzində tək qalmışdı. Ona görə
bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəm. Cavid
İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüm. Çünki
Syomin buraxılan qoldan sonra üç hücumçu ilə oynamağa başladı. Mən də onun taktikasına
uyğun olaraq meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim”.
|