Topaz Premyer Liqasının 13-cü turuna “Neftçi”
– “Bakı” oyunu ilə yekun vuruldu. Paytaxt derbisinin böyük hissəsini azlıqda
keçirən “Neftçi” oyunu 2-1 hesablı üstünlüklə başa vuraraq turun yeganə qələbəsinə
imza atdı.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi:
“Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. “Neftçi”nin
oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə
aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli
futbolçudur, “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən
futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi:
“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu
gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı
vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə
güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq,
ikisini rəqib qapısına, birini də öz qapımıza”.
|