Topaz Premyer Liqasının 13-cü turunda AZAL
klubu ilə qarşılaşan “Qarabağ” səfər oyununda xal itirdi – 1:1.
Qurban Qurbanov. “Qarabağ” klubunun baş məşqçisi:
“Oyun ümumilikdə maraqlı keçdi. Meydanın hər yerində mübarizə gedirdi. AZAL
bizim üçün çətin rəqibdir. Qol vurmaq şanslarımız oldu. AZAL belə oynasa bütün
rəqiblərimizdən xal ala bilər. Hesab bərabərləşdikdən sonra rəqibin cərimə
meydançasında olmağa çalışdıq. Komanda yaxşı oynadı, dincəlib, qarşıdakı
oyunlara yaxşı hazırlaşmaq üçün vaxtımız var. Qara Qarayevi oyuna daxil etdim
ki, topa daha çox nəzarət edək. Bu cür rəqiblə oyunda qol buraxmamağa
çalışmalısan. Vaqif Sadıqov bizim oyunumuzu daha yaxşı araşdırıb, biz buna
hazır olmalıyıq”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Qarabağ”
bu oyunun favoriti olsa da, bizim öz hesablarımız var idi. Rəqib komanda
oyunçularının fərdi ustalıq səviyyəsi bizimkilərdən daha üstündür. Sonda bu
üstünlük qapımıza qolla nəticələndi. 8 oyundur ki, qalib gələ bilmirik, lakin
komandam hər bir oyunda sonadək mübarizə aparır. Bugünkü oyunda da heyətlə
bağlı problemimiz var idi. Bir neçə əsas oyunçumuzun xidmətindən istifadə edə
bilmədik. “Qarabağ” kimi komandaya qarşı yaxın oynamalıyıq, başqa cür oynamaq
olmaz”.
|