Topaz Premyer Liqasında sentyabr
və oktyabr aylarının ən yaxşı futbolçularının və ən gözəl qolların müəlliflərinin
mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə iştirak edən Peşəkar
Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Ötən ay
baş tutmuş Azərbaycan Superkuboku uğrunda oyunla əlaqədar olaraq
mükafatlandırılma bir az gec oldu. Sevindirici haldır ki, qaliblər sırasında Azərbaycan
milli komandasının iki üzvü var. “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo da
layiqli oyunu ilə mükafatçılar arasındadır. Hamısına gələcəkdə bu uğuru davam
etdirmələrini arzulayıram. Rauf Əliyev və Əfran İsmayılov həm “Qarabağ”da, həm
“Bakı”da, həm də milli komandada bir yerdə çıxış edirlər. İstərdim ki, bizdə
futbolçuların da azarkeşləri olsun. Tək komandalara deyil, həm də ayrıca
futbolçulara azarkeşlik etsinlər. Təəssüf ki, bizdə azarkeş baxımından problem
var. Futbolçu ömrü qısadır, öz oyununuzla azarkeş sevgisini, dəstəyini qazana
bilərsiniz. Hər biriniz artıq Azərbaycanın futbol tarixinin bir hissəsiniz. Hər
birinizə həm futbolda, həm də futboldan kənar həyatınızda uğurlar arzulayıram”.
Tədbirdə iştirak edən
Azerinteltek şirkətinin baş direktoru İsmayıl Kalefer də fikirlərini
bildirmişdir: “Bundan öncəki tədbirlərdə şirkətimizi Ahmet Sezer təmsil edirdi.
Bugünkü mərasimdə iştirak etməməsinin səbəbi Türkiyədə Selçuk Yulanın xatirəsində
həsr olunmuş tədbirdə hamımızı təmsil etməsidir. Peşəkar Futbol Liqası ilə əməkdaşlığı
ilk gündən davam etdiririk. Bu tədbir bizim üçün əhəmiyyətlidir. İdmana,
futbola verdiyimiz dəstəyin hiss olunduğuna inanırıq. Bu gün mükafatçılar
sırasında olan futbolçuları və KİV nümayəndələrini təbrik edirəm”.
Qaliblərin mükafatlandırılması mərasimindən
sonra tədbir iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırdılar.
|