Topaz Premyer Liqasının 1-ci turunda "Sumqayıt" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul etdi. 5 000 azarkeşin izlədiyi oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı. Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Komandamız, sanki, xəstədir. Çalışıb, həmin xəstəliyi aradan qaldırmaq lazımdır. Heç nədən qol buraxdıq. Bu, sanki, Milad bayramı öncəsi rəqibə hədiyyə idi. Bizim də xeyli qol imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. "Sumqayıt"a hörmətlə yanaşırıq. Qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdır".
Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: ""Xəzər Lənkəran"a qarşı göstərdiyimiz oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərdik. Amma nəticə məni qane edir. Ən azından uduzmadıq. Biz tam hazırlıq keçə bilməmişdik. Düşərgədə zədəli futbolçularımız çoxdur. 4 əsas oyunçumuz yox idi. Bütün bunlar oyunu qalib başa vurmağımıza mane oldu. Oyunçular sona qədər döyüşdülər. Onlara minnətdaram".
|