Bu gün AFFA-nın prezidenti
Rövnəq Abdullayev Assosiasiyanın inzibati binasında Peşəkar Futbol Liqasının
prezidenti Ramin Musayevi anadan olmasının 50 illik yubileyi münasibətilə təbrik
edib. AFFA və PFL-in əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən
Assosiasiya prezidenti R.Musayevə xoş arzularını bildirib, şəxsi həyatında və əmək
fəaliyyətində uğurlar arzulayıb.
“Biz
Ramin müəllimlə 2004-cü ildən “Neftçi”də birgə çalışmışıq. Ramin Musayev özunu bacarıqlı işçi, rəhbər kimi göstərmişdir. Bu gün
də Peşəkar Futbol Liqasına rəhbərlik edir. Kim nə deyirsə desin, mən PFL-n işindən,
Premyer Liqanın təşkilindən və oyunların keçirilməsindən razıyam. Premyer
Liqanın səviyyəsinin yüksək qalmasında PFL-in əməyi böyükdür. Qısa bir zamanda
PFL-də müsbətə doğru dönüş yaranıb, çempionat oyunlarının təşkili və oyunsonrası
analizi yüksək səviyyədədir. Klublara söz verdiyimiz kimi ədalətli bir təşkilat
kimi özümüzü göstərə bildik. Bu uğurlu işləri davam etdirəcəyik. Cənab
Prezident 2015-ci ilə qədər futbolumuzun inkişaf proqramını qarşımıza vəzifə
olaraq qoyub. Klub səviyyəsində göstəricilərimiz az deyil. Bir neçə il əvvəl Avropada
bir mərhələ keçməyi özümüz üçün uğur hesab edirdiksə, ötən mövsüm “Neftçi”
Avroliqanın qrup mərhələsinə qədər yüksələ bildi. Artıq hədəf yalnız qrup mərhələsi
ilə kifayətlənməməlidir. İnanıram ki, bu il Avrokuboklarda klublarımız daha
böyük uğurlara imza atacaqlar. Milli çempionat artıq başa çatır. Çempionun
kimliyi sona bir tur qalmış məlum oldu. Premyer Liqa maraqlı keçdi. Gələn
mövsüm çempionat yeni formatda keçiriləcək və PFL qarşısında yeni məsələlər
duracaq. I Divizionda da dəyişikliklər var, əsasən 21 yaşlı gəncləri bura cəlb
etdik. PFL-in qarşısında duran əsas məsələlərdən biri də 2016-cı və 2020-ci il
Avropa çempionatları üçün futbolçuların yetişdirilməsidir. 2020-ci il Avropa
çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşük, buna nail olmaq üçün
real şanslarımız var. Milli komandalarımızı final mərhələlərində görmək
Prezidentimizin, xalqımızın arzusudur. Çempionat başa çatır, qurumun bütün əməkdaşlarına
təşəkkürümü bildirirəm. Təşkilati baxımdan bir problem yoxdur. Gələn mövsüm
üçün də futbolun daha baxımlı və maraqlı olması üçün çalışmalıyıq.
PFL-in prezidenti Ramin
Musayev yubileyi münasibətilə AFFA-nın diplomu ilə təltif olunub. Rövnəq
Abdullayev üzərində "Ramin Musayev 50" yazılmış Azərbaycan milli
komandasının futbolkasını və AFFA-nın hədiyyəsini R.Musayevə təqdim edib.
|