![](uploads/kanales21.jpg) Topaz Premyer Liqasının 29-cu turunda mövsümün yeni rekordu qeydə alınıb. Belə ki, ötən turda 4 dubl gerçəkləşib. Bu isə mövsümün ən yüksək göstəricisidir. Ruslan Qurbanov “Sumqayıt” – “Rəvan”, Nicat Qurbanov “Simurq” – “Qəbələ” oyununda qonaqların qapısına 2 dəfə yol tapıb. Junior Nildo “Turan” – AZAL, Nikolas Kanales isə “Qarabağ” – “Neftçi” oyununda meydan sahiblərini 2 dəfə məyus edib. Bunadək ən çox dublun rəsmiləşdiyi turlarda 3 belə hadisə qeydə alınmışdı. 3, 11, 22 və 27-ci turlar bu göstəricidə seçilirdi. Ümumilikdə isə 29 turda 35 dubl gerçəkləşib. Bunların 24-ü meydan sahibləri, 11-i qonaqların hesabındadır. 22 dubl təsnifat mərhələsində, 13-ü final oyunlarında qeydə alınıb. İlk “altılıq”da 7, ikinci “altılıq”da 6 dəfə 1 oyunçu eyni matçda 2 qolun sevincini yaşayıb. Premyer Liqada 26 futbolçu dubla imza atıb. Bu göstəricidə mütləq rekord “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesə məxsusdur. O, cari mövsümdə özünün 5-ci dublunu rəsmiləşdirdi. AZAL-ın braziliyalı legioneri Junior Nildo isə 29-cu turda 3-cü dublunu gerçəkləşdirdi. Daha 3 futbolçu 1-dən artıq oyunda bunu bacarıb. “Xəzər Lənkəran”lılar Adrian Skarlatake ilə Dimitrios Sialmas, “Qarabağ”lı Riçard Almeyda hərəyə 2 dəfə dubl müəllifi olub. Bu 5 futbolçudan yalnız biri – Kanales ardıcıl 2 matçda dubla müəlliflik edib. O, 28 və 29-cu turlarda bunu bacarıb. 35 dubldan 32-si milliləşənlər də daxil olmaqla legionerlərin hesabındadır. Yerli oyunçulardan yalnız Nicat Qurbanov (Simurq), Cavid İmamverdiyev (Neftçi) və Cavid Tağıyev (AZAL) 1 oyunda 2 qol vurub. “Nefti”nin futbolçuları hamıdan çox – 7 dubla imza atıb. AZAL 6, “Xəzər Lənkəran” 5, “Qarabağ”, “İnter” və “Rəvan” hərəyə 3, “Bakı”, “Qəbələ”, “Simurq” hərəyə 2, “Turan”, “Sumqayıt” hərəyə 1 dəfə oyunçusunun dubluna sevinib. “Kəpəz” isə mövsümdə dubl görməyib.
|