![](uploads/inter15oyun.jpg) Bakının “İnter” klubu cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri martın 30-da baş tutan oyunadək cari mövsümdə öz meydanında uduzmayan yeganə komanda idi. “İnter” öz meydanında 15 məğlubiyyətsiz oyundan sonra məğlub olub. Bakılılar sonuncu dəfə ötən il martın 18-də yenilmişdi. İndi olduğu kimi həmin vaxt da final mərhələsinin – ilk “altılığ”ın 1-ci ev oyununda “İnter”i “Neftçi” məyus etmişdi. Böyükağa Hacıyevin yetirmələri 375 gün əvvəl rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi. Ardıcıl 15 ev matçında uduzmayan bakılılar bu müddətdə 9 qələbə qazanıb və 6 heç-heçə edib. Yenilməzlik dövründə Sxadadzenin yetirmələri 24 qol vurub və 12-ni buraxıb. Bu seriya evdəki oyunlar üçün “İnter”in 4-cü uzun seriyasıdır. Bunadək bakılılar ayrı-ayrı vaxtlarda 31, 22 və 19 oyun öz meydanında yenilməz olub. Qeyd edək ki, evdə uduzmamaq üzrə Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. 1992-1996-cı illərdə ardıcıl 57 ev matçında (texniki nəticələr nəzərə alınmır) yenilməyən flaqmanın bu rekordu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən də tanınıb. “Ağ-qaralar”la yanaşı 54 matçlıq məğlubiyyətsizlik seriyası olan “Turan” da dünya klublarının ən uzun ev məğlubiyyətsizliyi siyahısına daxil olub. IFFHS-in martın 21-də açıqladığı ilkin siyahıda “Neftçi” 16-cı, “Turan” 19-cu idi.
|