 Misli Premyer Liqasının XX turunda iki futbolçu “Qarabağ”da debüt edib. Bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı “300”ü keçib. “Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub. Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.
|