İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XII turunun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Səbail” klubu 800 manat cərimə olunsun. (maddə 39)
“Səbail” klubunun 55 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 200 manat cərimə olunsun. (maddə 47.2)
“Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” klubuna xəbərdalıq edilsin. (PFL-nin Əsasnaməsinin 14.7-ci bəndinin tələblərinin pozulması, maddə 35, maddə 11)
“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4)
“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunsun. (maddə 39)
“Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunsun. (maddə 49.1, maddə 49.3)
“Qəbələ” klubunun azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunsun (maddə 51.1)
“Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4)
“Qəbələ” klubunun azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq qadağa qoyulsun. Bu səbəbdən 05.11.2022-ci il tarixində, Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşləri stadiona buraxılmasın. (maddə 49.3)
|