Boyan Pavloviç rekordunu yeniləyib 2012-02-22 |
|
“Qarabağ” Unibank Premyer Liqasının cari mövsümünün
özünə aid olan rekordunu yeniləyib. XXI turun “Kəpəz”lə qarşılaşmasında da qol
buraxmayan Ağdam təmsilçisi ardıcıl 6 oyun qol buraxmayan ilk komanda olub.
Komandanın serbiyalı qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın
26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol
görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra
heç kim Pavloviçi məyus edə bilmir. Braziliyalının matçın 88-ci dəqiqəsində
vurduğu qoldan sonra serbiyalı artıq 542 dəqiqədir qapısını toxunulmaz
saxlayır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS)
tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru
seriyaları özündə əks etdirən siyahıya düşmək üçün Pavloviçin cəmi 118 dəqiqəsi
çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq
zəruridir. Serbiyalı təsnifat mərhələsinin son 2 oyununda bu göstəriciyə nail
olmağa yaxındır.
Artıq adı həmin siyahıda olan, lakin 2-ci dəfə seriyası
ilə fərqlənmək iddiasında olan “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə “Xəzər
Lənkəran”la matçda qapısında qol görüb. Bunadək sonuncu dəfə XV turun ötən il
dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görən latviyalını
bu dəfə Rahid Əmirquliyev məyus edib. Ötən ilki matçın 39-cu dəqiqəsində Samir
Abasov vurduğu qoldan Rahidin qolunadək Pavel 437 dəqiqə qapısından qol
buraxmayıb.
Xatırladaq ki, 2010/11 mövsümündə imza atdığı 952 dəqiqəlik
quru seriya ilə Doroşev dünya reytinqində 68-ci pillədədir.
|
|
|
|
|
|