Topaz
Premyer Liqasının VII turuna paytaxtda keçirilən “Rəvan” – “Kəpəz” (1:2) qarşılaşması
ilə yekun vuruldu. Səfər qələbəsi qazanan Mahmud Qurbanovun yetirmələri turnir
cədvəlinin son pilləsini tərk etdi.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyundan öncə itkilərimiz var idi. Əsas
heyətdən qapıçı Radoş zədəli, Emin İmaməliyev isə cəzalı idi. Heyəti qurmağa çətinlik
çəkirdim. Komandanın oyun boyu göstərdiyi mübarizədən razı qaldım. Klub
prezidenti də komandanı qələbə münasibəti ilə təbrik etdi. Bu gün 3 xal qazanıb
turnir cədvəlinin son pilləsindən qurtulduq. Artıq “Qarabağ”la oyuna
hazırlaşmalıyıq”.
Kemal
Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “İkinci dönüşümdən sonra “Rəvan”da
ilk oyunum idi. Komandanın potensialı var, işləmək lazımdır. Məğlubiyyətə
baxmayaraq, komandadan razı qaldım. Taktiki səhvlərimiz oldu. Oyuna nəzarəti
itirdik, ona görə iki qol buraxdıq. Heyətlə bağlı dəyişiklik olmayacaq, lakin futbolçular
topla davranmağı bacarmalıdırlar. “Kəpəz” bu gün qələbəyə layiq olmasa da, bəxtləri
sayəsində 3 xalı qazandılar”.
|