Topaz Premyer Liqasının VI turunun oyunları keçirilib. "Neftçi" səfərdə "Sumqayıt"a məğlub olub - 2:3. Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: “Bu gün
maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq. “Neftçi” Avroliqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalıydıq və
bunu bacardıq. Bu nəticədən sonra
komandamdan razıyam. 2-0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər
buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə
bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Rəqib komandanı qələbə münasibəti ilə
təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi. Emilin qapıya qoyulması işlərimizi çətinləşdirdi.
Yaxşı qapıçı bir hissədə iki qol
epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli
futbolçusu yaxşı oynadı (red. – Orxan Əliyev). Futbolçularım rəqibə ciddi
yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardır, oyun boyu qaçırlar. Bu
gün əsas heyətdən üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görə bilmədim. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq. Oyundan öncə mən demişdim ki, "Partizan"ı udub, "Sumqayıt"a uduza bilərik. "Neftçi" bir də 5-6 turdan sonra sarsaqlıyacaq. Bu qədər uğurdan sonra məğlub olmağımız yaxşı olmadı”.
|