Premyer Liqanın 3-cu turunda "Qarabağ" səfərdə "Sumqayıt" üzərində böyük hesablı qələbə qazanıb - 1:6. Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: “Bu gün əsas olan üç xalı qazanmaq idi ki, onu da bacardıq. İlk iki turda rəqibin dörd xal qazandığını bilirdik. Bundan başqa, keçən mövsüm onlarla oyunlarda beş xal itirmişdik. Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir. Yaxşı top saxlayır. Bu gün baxımlı oyun oldu. Heyf ki, hər iki komanda oyunu azlıqda başa vurdu. "Sumqayıt" komandasına uğurlar arzulayıram". Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: “Deyiləcək çox sözüm yoxdu. Rəqib komandanı qələbə münasibətiylə təbrik edirəm. Oyundan qabaq da futbolçularıma demişdim ki, “Qarabağ”a oynamaq imkanı verməməliyik. Bir sözlə, futbolçularımın oyunundan razı qalmadım. Məncə, səviyyə fərqi də öz sözünü dedi. “Qarabağ” futbolçularının ustalıq səviyyəsi daha yüksək idi".
|