Yuri Fomenko daha bir il "Kəpəz"in uğurları üçün çalışacaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, artıq Ukraynalı futbolçu ilə müqavilə imzalanıb. Mətbuat xidmətindən o da bildirilib ki, dünən Bakıda sponsorlarla görüşən klubun prezidenti Elmir Əliyev bu gün klub daxili iclas keçirib. Toplantıda gələcək planlar müzakirə edilib. İclasda vurğulanıb ki, növbəti mövsümdə daha iddialı bir komanda formalaşdırmaq nəzərdə tutulur. Komandanın əsas sütununu təşkil edən futbolçularla müqavilələrin yenilənəcəyi, gənc futbolçularla yanaşı həm yerli, həm də legioner təcrübəli oyunçuların dəvət olunacağı xüsusi qeyd olunub. Yığıncaqda o da vurğulanıb ki, yaxın vaxtlarda "Kəpəz"in təlim-məşq toplantılarının keçiriləcəyi məkan və komanda ilə yollarını ayrılacaq futbolçular barədə qərar qəbul olunacaq. Mətbuat xidməti onu da bildirib ki, komanda iyun ayının 15-20 də bir araya gələcək.
|