Topaz Premyer Liqasının VII turu“Qarabağ” üçün uğurlu alındı. Qurban Qurbanovun komandası “İnter”i 2-0 hesabı ilə məğlub etdi. Zaur Svanadze (“İnter”in baş məşqçisi): “İlk hissədə “yatdıq”. İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik. “Qarabağ” çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Verilən penalti barədə nə deyə bilərəm? Mən epizodan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. “Qarabağ”ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu. Biz epizoda baxmalı və daha sonra bu barədə konkret fikir bildirə bilərik”.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının “Anderlext”lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər. “İnter” tam fərqli bir komandadır. Bu rəqibə qarşı oynamaq heç də asan deyil. Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik. Penalti məsələsi barədə çox danışmaq istəmirəm. Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır”.
|