Topaz Premyer Liqasının VII turunda “Kəpəz” “Sumqayıt”ı 3-1 hesabı ilə məğlub etdi. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Maraqlı oyun oldu. Məncə, “Kəpəz” layiqli qələbə qazandı. Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq”. Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq. Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi. Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır. Biz 3 xal qazanmağa layiq futbol sərgilədik. Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, “Sumqayıt”a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir.
|