Topaz Premyer Liqasının VII turunun oyununda “Zirə” “Neftçi”ni 2-0 hesabı ilə məğlub etdi. Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “İlk növbədə komandamızı təbrik edir, belə ağır oyunda bizə dəstək olduqlarına görə isə azarkeşlərə minnətdarlığımı bildirirəm. Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz bütün oyunları təhlil edir, oyunlara planlı şəkildə çıxırıq. “Neftçi”nin də güclü və zəif tərəflərini bilirdik”. Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq. Daha sonra Fəhmin Muradbəylinin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu. Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var. Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”.
|