Topaz Premyer Liqasının 3-cü turu bu gün keçirilən “Zirə” – “İnter” görüşü ilə yekunlaşdı. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmadı. Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Oyun çətin alındı. İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq. Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam”. Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. “İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. “Zirə” isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
|