Topaz Premyer Liqasının XXX turu “Qarabağ” üçün uğurlu alındı. Ağdam təmsilçisi səfərdə “Simurq”u 2-0 hesabı ilə məğlub etdi. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”. George Çixradze (“Simurq”un baş məşqçisi): “Sərgilədiyimiz oyuna baxsaq, bu gün biz məğlub olmamalı idik. Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə heyətdə müəyyən dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi istirahət etməli və növbəti oyuna hazırlaşmalıyıq”.
|