Ağdamın “Qarabağ” klubu Unibank Premyer Liqasında uğursuz seriyaya son qoyub. XXXI turun “İnter”lə Ağdamın Quzanlı qəsəbəsindəki ev qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qələbəsiz oyunlar seriyasını qırıb. Sonuncu dəfə martın 24-də “Bakı” ilə səfər görüşündə 3 xal qazanan “Qarabağ” həmin vaxtdan qələbəyə həsrət idi. 42 gün əvvəl əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra Ağdam təmsilçisi 5 oyun keçirmişdi. Əvvəl “Neftçi” (0:0) və “İnter”lə (1:1) heç-heçə edən komanda son 3 qarşılaşmada xal da qazana bilmirdi. Bu müddətdə “Qəbələ”yə 0:1, “Bakı”ya 2:4 və “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Qarabağ” həm 5 oyunluq qələbəsizlik, həm də 3 oyunluq məğlubiyyət seriyasını dayandırdı.
|