“Bakcell Arena”da “Bakı”nı qəbul edən “Neftçi” 3 xal qazandı. Arif Əsədovun başçılıq etdiyi komanda “Bakı”nı məğlub yola saldı – 2-0. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Oyunda təcrübəli olan komanda qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən oyunçularım əllərindən gələni edirlər. Növbəti illərdə hər şey daha yaxşı olacaq. Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunan futbolçuların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdır. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdır”. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Fasilədən sonra ilk oyunlar gərgin keçir. Matçdan öncə müəyyən problemlər vardı. Erik Ramosun cəzalı, Flavinyonun zədəli olması müəyyən çətinliklər yaratmışdı. Buna baxmayaraq, vaxt keçdikcə öz oyunumuzu sərgiləyə bildik. Struktur dəyişikliyindən sonra rəhbərliklə görüşümüz olmayıb. Sadəcə, bir məsələni vurğulayım ki, biz öz işimizi görürük”.
|