Unibank Premyer Liqasında sona iki tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına son iki vəsiqə uğrunda mübarizə davam edir. Çempionatın sonuna iki tur qalmış hazırlıqların nə yerdə olduğunu öyrənmək üçün "Xəzər Lənkəran", "Qəbələ" və "Bakı" klublarının baş məşqçilərinin fikirlərini tədim etmişdik. Bu gün isə "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadedzenin fikirlərini təqdim edirik. Gürcüstanlı mütəxəssis çempionatın son iki turunun gərgin mübarizə şəraitində keçəcəyini bildirib: ""Qarabağ"la oyunun hazırlıqlarına başlamışıq. Adi qaydada hazırlaşırıq. Ancaq onu da qeyd etmək istəyirəm ki, keçirəcəyimiz məşq prosesləri bir qədər qısamüddətli olacaq. Bilirsiniz ki, mövsümün sonudur və futbolçularda müəyyən yorğunluq hiss olunur. Buna görə də, qarşıdakı oyuna gümrah vəziyyətdə olmaları üçün futbolçuları az yükləməyi planlaşdırırıq. Qarşıdakı oyun çox çətin olacaq. “Qarabağ”- sürətli və kombinasiyalı oyun nümayiş etdirən və öz oyun tərzi olan güclü komandadır. Buna görə də, oyunun gərgin və maraqlı alınacağını düşünürəm". "Bakı” artıq avroliqaya vəsiqə qazanıb. “"İlk altılıq”da mübarizə aparan digər komandaların da şansları var. Buna görə də, növbəti turda gərgin mübarizə olacaq".
|