Unibank
Premyer Liqasında sona iki tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına
son iki vəsiqə uğrunda mübarizə davam edir. Çempionatın sonuna iki tur qalmış
hazırlıqların nə yerdə olduğunu öyrənmək üçün bir sıra klubların baş məşqçiləri
ilə əlaqə saxladıq.
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak: “Son
iki turda da qələbə qazanıb mövsümü adımıza layiq şəkildə başa vurmağa
çalışacağıq. Azərbaycan futbolunun çox gözəl bir mövsüm keçirdiyini söyləyə bilərik. Həyəcanlı çempionatın şahidi olduq, mübarizə
sonadək davam edir”.
“Avrokuboklara
vəsiqə qazanmaq şanslarımız çox aşağıdır. Son iki oyunda qələbə qazanıb 6 xal əldə
etsək də, bu kifayət etmir, rəqiblərimiz
də məğlub olmalıdır. Şansımız öz əlimizdə deyil. “Xəzər Lənkəran”,
“Qarabağ” və “İnter”lə nisbətdə bizim şanlarımız daha azdır. Ancaq futbolda hər
şey olur. “İnter”i məğlub etsəydik, hazırda şanslarımız daha yüksək olacaqdı.
“Qarabağ” 1-2 tur öncə Avroliqaya ən çox şansı olan komanda idi. Ancaq indi vəziyyət
başqadır. Yəni, futbolda nəyin necə olacağını bilmək olmaz”.
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis
Hüseynov: “Son
iki turun oyunlarının ağır keçəyini düşünürəm. Bu oyunlarda da qalib gəlməyə
çalışacağıq. Avrokuboklara vəsiqə uğrunda gedən mübarzədə ən yaxşı şans bizdədir.
Avropa Liqasına vəsiqəni təmin etmək üçün bizə bir qələbə kifayət edir. Gərgin
mübarizənin şahidi olacağıq. Hansı komandaların vəsiqə qazanacağını əvvəlcədən
söyləyə bilmərəm. “Qarabağ” əvvəlcə “İnter”lə, sonra isə bizimlə qarşılaşacaq.
Bu oyunların nəticəsindən çox şey asılıdır. Bütün komandalar maksimum güclərini
ortaya qoyub qələbə qazanmağa çalışacaq”.
“Bakı” klubunun məşqçisi Novruz Əzimov: “Bütün qarşılaşmalara qələbə
qazanmaq üçün çıxırıq. “Neftçi” ilə cari mövsümdə dördüncü dəfə qarşılaşacağıq.
Əvvəlki oyunlardakı uğursuzluqlara son qoymaq istəyirik. Həm biz, həm də
“Neftçi” Avrokuboklara vəsiqəni təmin etdiyimiz üçün bəzi insanlar
çempionatdakı oyunun formal xarakter daşıyacağını düşünür. Biz bu oyunda qələbə
qazanmaq üçün meydana çıxacağıq. Həm də, “Neftçi” bilsin ki, Azərbaycan kubokun
finalında kimlə qarşılaşacaq. Komandanın əsas heyətindən Duje Bakoviç, Maris
Verpakovskis, Novruz Məmmədov və Uinston Parks zədəli, Şəhriyar
Əliyev isə cəzalıdır. Bu oyunçular, yəqin ki, növbəti turlarda da iştirak edə
bilməyəcəklər. Ümid edirik ki, kubokun finalına kimi zədəli futbolçuların vəziyyəti
normallaşacaq. Ancaq Şəhriyar Əliyev cəzalı olduğundan kubokun final oyununda
da meydana çıxa bilməyəcək”.
|