“Rəvan” üçün ilk
Bakının “Rəvan” klubu Premyer Liqa tarixində ilk dəfə böyük hesablı qələbə qazanıb. “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri yüksək dəstədəki debüt mövsümündə indiyədək 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. Hesabında bunadək 8 qələbəsi olan komanda 6 dəfə 1, 2 dəfə də 2 top fərqi ilə 3 xal əldə etmişdi. Bu dəfə isə komanda tarixinin rekordunu müəyyənləşdirdi.
Ötən mövsüm “Neftçi”, indi “Rəvan”
Gəncənin “Kəpəz” klubu cari mövsümdə ən ağır məğlubiyyətini alıb. Fuad İsmayılovun yetirmələri “Rəvan”a 1:5 hesabı ilə uduzublar ki, gəncəlilər üçün sonuncu belə uğursuzluq ötən mövsüm qeydə alınmışdı. 2010-cu il dekabrın 18-də “Kəpəz” “Neftçi”yə 0:4 hesabı ilə məğlub olmuşdu. “Kəpəz”in qapısına 5 və ya daha artıq qol vuran son komanda da “Neftçi” olmuşdu. Bakılılar 2010-cu il oktyabrın 23-də 6:2 hesabı ilə qalib gəlmişdi.
Qara zolaqda
Ağdamın “Qarabağ” klubu ardıcıl 3 oyundur ki, məğlub olur. Qurban Qurbanovun yetirmələri XXXVIII turda “Qəbələ”yə səfərdə 0:1, XXIX turda evdə “Bakı”ya 2:4 hesabı ilə uduzduqdan sonra “Neftçi” ilə səfər oyununda da 1:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisi çempionatda sonuncu dəfə belə uğursuz seriyanı ötən mövsüm yaşamışdı. Həmin vaxt 2-ci dövrənin əvvəlində - 2010-cu il noyabrın 13-dən 28-dək olan 16 gün ərzində Qurbanovun yetirmələri “Bakı” və AZAL-ın hər ikisinə 0:2, “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.
“Bakı” belə uduzmamışdı
“Bakı” klubu Unibank Premyer Liqasında indiki adı altında ən ağır məğlubiyyətini alıb. Səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzan bakılılar 2004-cü ilin yayında adını dəyişdikdən sonra ən pis halda 3 top fərqilə məğlub olmuşdu. Klub tarixinin ən azı 4 top fərqli sonuncu məğlubiyyəti isə “Dinamo” adlandığı vaxta təsadüf edib. 2003/04 mövsümündə - 2003-cü ilin mayın 31-də “Şəmkir”in qonağı olan paytaxt təmsilçisi qərblilərə 0:4 hesabı ilə uduzmuşdu.
|