Bu gün AFFA-nın
İntizam Komitəsinin iclası keçirilib. İclas zamanı “Araz Naxçıvan”ın
çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb.
11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla “Araz Naxçıvan” klubu fəaliyyətini
dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam
etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət
edərək müvafiq qərarın çıxarılmasını bildirib. Yuxarıda göstərilənləri nəzərə
alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz
Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub oyunların 50% -dən
azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar
əvəzedici komandaya da şamil olunur. (maddə
11, maddə 56).
|