“İnter”in braziliyalı futbolçusu Junior Nildo
Premyer Liqada 30-cu qolunu vurub. “Bakı” ilə VI turun oyununda (7:0) dubla
imza atan cənubi amerikalı əvvəl 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb.
Nildo Azərbaycan çempionatları tarixində
30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə
hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.
Cənubi amerikalı
30-u 3-cü mövsümündə, 3-cü klubu ilə arxada qoyub. 2012/13 mövsümündə AZAL-da
21, 2013/14 mövsümündə “Xəzər Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda
qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini
yaxşılaşdırıb. O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol
sevinci yaşayan 22-ci legionerdir. Bu göstəricidə rekord 5 klubda fərqlənən
Anatoli Doroşla Tagim Novruzova məxsusdur. Ümumilikdə isə hamıdan çox – 10
komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb.
|