Topaz Premyer Liqasının VI
turunun “İnter” – “Bakı” oyunu hər iki klubun tarixinə düşüb. “İnter Arena”
stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan
çempionatlarında qazandığı ən böyükhesablı qalibiyyətdir. Paytaxt təmsilçisi
tarixi ərzində yalnız bir dəfə - hələ “Xəzər Universiteti” adını daşıdığı
zamanda daha fərqli zəfərə sevinmişdi. 11 il əvvəl 2003-cü il iyulun 5-də
bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi. “İnter”in tarixində daha
bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı
il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər
qələbəsi qazanmışdı.
VI turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı
olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini
“Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş
tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdi.
|