“Neftçi” və
“Xəzər Lənkəran” arasında Topaz Premyer Liqasının 5-ci turunda keçirilən “Böyük
oyun” rekordlarla əlamətdar olub. Bakılılar ardıcıl 4-cü ev oyununda qalib gəlib.
Bu isə “Böyük oyun”lar tarixinin rekordudur. “Ağ-qaralar” ötən mövsümün hər iki
ev oyununda – 4:1 (02.11.2013) və 1:0 (29.03.2014), həmçinin 2012/13 mövsümündə
2:1 (15.09.2012) hesabı ilə qalib gəlmişdi.
Bu dəfəki 1:0 hesablı qələbə isə ev
oyunlarındakı qələbə seriyasını 4-ə çatdırıb. Bunadək “Böyük oyun”ların
rekordu ardıcıl 3 ev qələbəsi idi. “Xəzər Lənkəran” 2011-ci il sentyabrın 10-da
və 2012-ci il aprelin 22-də eyni – 1:0, 2012-ci il dekabrın 14-də isə 2:1
hesabı ilə qalib gəlməklə qonaqları xalsız qoymuşdu. “Neftçi”nin baş məşqçisi kimi bütün yarışlar nəzərə
alınmaqla 9-cu dəfə “Böyük oyun”a qatılan Arif Əsədov sələfi Böyükağa Hacıyevin
rekordunu təkrarlayıb. Onlar eyni komandanı “Böyük oyun”a daha çox çıxaran məşqçi
kimi ən yüksək göstəriciyə malikdirlər. Daha çox – 13 belə matçda iştirak edən Ağasəlim
Mircavadov isə buna iki komandada nail olub. Əsədov 9-cu cəhddən ilk qələbəsinə
şahidlik edib. “Böyük oyun”ların ən məhsuldar futbolçusu Flavinyo
8-ci qolunu vurub. Bununla da öz rekordunu yeniləyən braziliyalı ən yaxın izləyiciləri
ilə fərqi artırıb. Zaur Tağızadə 4, Bahodir Nasimovla Julius Vobay 3 dəfə “Böyük
oyun”da qol sevinci yaşayıb. Onlardan yalnız Vobay “Xəzər Lənkəran”ın, digərləri
“Neftçi”nin heyətində bunu bacarıb.
|