Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində
keçirilən “Sumqayıt” – “Araz Naxçıvan” (0:1) oyunundan sonra qonaq komanda
görüşün idarəçiliyindən narazı qalıb. Peşəkar Futbol Liqasının rəsmi saytına
açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov həmin mübahisəli 3 epizodu şərh edib.
“Hakim FİFA qaydalarına uyğun qərarlar verib”
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda
olduqca incə məqamlar var. Sıravi vətəndaş, azarkeş qaydaların incəliklərini
bilmədiyi üçün hakimin səhv etdiyi qənaətində ola bilər. Qarşılaşmanın 39, 77 və
90+3-cü dəqiqələrində hakimin qəbul etdiyi qərar düzgündür. Hakim FİFA oyun
qaydalarına uyğun olaraq, addım atıb. “Sumqayıt” – “Araz Naxçıvan” oyununda
hakim səhvə yol verməyib.
“1-ci epizodda “Sumqayıt”ın futbolçusu bilərəkdən əl ilə oynamayıb”
“Konkret birinci epizoddan danışaq. “Araz
Naxçıvan”ın futbolçusu qapıya uzaq məsafədən güclü zərbə endirir. Top
futbolçunun dizinə dəydikdən sonra normal vəziyyətdə olan ələ toxunur. Mən sual
verirəm: müdafiə olunan komandanın futbolçusu topun qarşısını kəsmək məqsədi ilə
əlindən və ya qolundan bilərəkdən istifadə edirmi? Xeyr. “Sumqayıt”ın
futbolçusu əlini gizlətməyə çalışır. Belə bir vəziyyətdə penaltidən
söhbət gedə bilməz. Futbol oyun qaydalarının 12-ci bəndində qeyd olunur ki, oyunçu bilərəkdən topa əl ilə oynayırsa, penalti təyin
olunmalıdır. Bu epizodda isə bilərəkdən edilən hərəkət yoxdur”.
“Sumqayıt”ın futbolçusu topu görmür”
“İkinci epizod zamanı havada top uğrunda
mübarizə gedir. Sözsüz ki, heç kim havaya əli bədəninə bitişik şəkildə
qalxmır. Bu zaman əlin açıq olması normaldır. Müdafiə olunan komandanın üzvünün
əlinə topu rəqib futbolçu vurur. “Sumqayıt”ın futbolçusunun arxası rəqibə tərəf
olduğu üçün topun hərəkət istiqamətini görmür. Hər ələ dəyən topa görə penalti
vermək olmaz. Oyun qaydaları təkmilləşir, oyun qaydalarına əlavə olunur. FİFA
bu tip epizodlara çox həssas yanaşır. Konkretləşdirsək, 2-ci epizodda da
penaltidən söhbət gedə bilməz”
“Qapıçı toxunulmazdır” “Sonuncu
epizodla bağlı şərh verərkən onu deyim ki, qapıçı meydançasında qapıçı
toxunulmazdır. Bu epizodda isə istər “Araz Naxçıvan”ın bir neçə futbolçusu, istərsə də “Araz Naxçıvan”ın qol vurmaq üçün irəli atılan qapıçısı epizoda müdaxilə edirlər. Epizod məhz
“Araz Naxçıvan”ın qapıçısının epizoda müdaxiləsindən başlanır. “Araz
Naxçıvan”ın qapıçısı bütün oyunçuları itələməyə meyillidir. Qonaq komandanın
futbolçuları məhz “Sumqayıt”ın qapıçısına qarşı kobudluq edərək, topun qapıdan keçməsinə nail olurlar.
Sözsüz ki, bu da qol sayıla bilməz. Bu
tip epizodlara tez-tez rast gəlinir. “Araz Naxçıvan”ın etirazını normal
qarşılayırıq. Amma biz qaydalar çərçivəsində hərəkət edirik”.
|