Azərbaycan milli komandasının və Türkiyənin
“Qaziantep BB” klubunun hücumçusu Vaqif
Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. V.Cavadov söhbət əsnasında bir sıra maraqlı məqamlara
toxunub.
-“İnter”dən ayrıldıqdan sonra
Türkiyənin I dəstə təmsilçisi “Qaziantep
BB” ilə anlaşdınız. Türkiyə klubunda sizi necə qarşıladılar, klubun sizə ümidləri nədən ibarətdir?
-Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə mərasimində
klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər
böyükdür. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist kimi getməmişəm. İndi hər şey özümdən asılıdır. Məşqlərdə
özümü yaxşı tərəfdən göstərib, mütəmadi
olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi
də layiqincə təmsil etməliyəm.
-Baş məşqçi Nurullah Sağlam sizin
barənizdə danışarkən deyib ki, “Vaqif
Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini
anlamalıdır”. Bu cümlə sizdə hansı hissi formalaşdırıb?
-Nurullah Sağlamın belə deməsini
normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik
edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm.
“Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdür.
-Sizinlə yanaşı U-21 millimizin
üzvü Rəhman Hacıyev də “Qaziantep BB”da oynayır. Yəqin ki, bu sizin üçün də
üstünlükdür...
-Əlbəttə, heyətdə yer alan bütün
futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadır. Onunla hər
mövzuda danışa bilirəm.
-Bir qədər geri qayıdaq. “İnter”dən
ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər
Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdınız?
-Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən
də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun təklifi daha yaxşı oldu. Onlar mənim futbol
oynamağım üçün hər cür şərait yaratdılar.
-Siz Türkiyə I liqasının səviyyəsinin
hər keçən il bir az daha düşməsi ilə razısınız?
-Səviyyə düşür? Mən deməzdim.
Türkiyə birinci liqasını görməmişdim.
Gedib gördüm və təəssüratlarım yüksəkdir. Hesab edirəm ki, düzgün seçim etmişəm.
-Türkiyədə çıxış edən azərbaycanlı
futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə
etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?
-İnşallah, hər oyuna biləyimdə Azərbaycan
bayrağı ilə çıxacağam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın
uğurlarında pay sahibi olmaqdır.
-Klubunuzun maddi vəziyyəti necədir?
-Bu baxımdan hər hansı bir problem
yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandır.
Müsahibəni hazırladı: Elgiz Abbasov
|