Unibank Premyer Liqasının 24-cü turunda “paytaxt derbisi”ndə
“İnter” və “Neftçi” qarşılaşdı. Rəqibini 2:1 hesabı ilə məğlub edən son çempion
“Neftçi” izləyiciləri ilə xal fərqini artırdı.
Böyükağa Hacıyev, “Neftçi”
klubunun baş məşqçisi: “Bu gün yaxşı oynadıq və qalib gəldik. Rəqibimiz çox
təmkinli komandadır. “İnter”lə oyuna yaxşı hazırlaşmışdıq, bunun bəhrəsini
gördük. Bugünkü oyunda daha çox yerli futbolçulara şans verdim. Çünki, bizə
qalan onlar olacaq. “İnter”in prezidenti Georgi Nikolovun “”Neftçi” bizim abunəçimizdir”
sözlərinə gəldikdə isə belə açıqlamalar düzgün deyil. Biz bunu qalib gəlməklə
sübut etdik. Növbəti oyunlarda bu qələbələrin davamını gətirməyə çalışacağıq”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Son
2 oyunda qapımızdan 4 qol buraxmışıq. Bu qollardan 3-ü standart vəziyətlərdən vurulub.
Son oyunlarda erkən qollar buraxırıq. Bunun səbəbini mən də bilmirəm.
Yarımmüdafiədə müəyyən problemlərimiz olduğundan oyunun gedişində dəyişikliklər
etdim. Görünür, futbolçularımın oyunlara köklənməsi zəifdir. Bununla belə, qarşıda
hələ 8 qarşılaşma var. Bu görüşlərə daha ciddi hazırlaşacağıq”.
|