Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının
Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman
jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Qarabağ” klubunun yarımmüdafiəçisi
Əfran İsmayılov fevral ayının ən yaxşı futbolçusu seçilib. Bu münasibətlə keçirilən tədbirdə
futbolçuya PFL-in hədiyyəsi və “Unibank”ın pul mükafatı təqdim olundu.
İlk olaraq çıxış edən “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni
Soltanov qalibi təbrik etdi: “2011-ci il futbolumuz üçün uğurlu il
oldu. Ümid edirəm ki, 2012-ci il də Azərbaycan futbolu üçün uğurlu keçər. “Unibank”
olaraq həmişə sosial yönümlü layihələrə dəstək olmuşuq. Təsadüfü deyildir ki,
qeyri-neft sektorunda futbola ən çox dəftək olan şirkətik. Əfran İsmayılovu “ayın
oyunçusu” seçilməsi münasibətilə təbrik edirəm. Əfran 2009-cu ildə də “dekabr
ayının oyunçusu” seçilmişdi. Ona nailiyyətlərinin davamını arzulayıram”.
Daha sonra Peşəkar Futbol Liqasının Marketinq Departamentinin rəhbəri Anar
Sadıxov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik
etdi və qalibə mükafatlarını verdi.
Mükafatlandırmadan sonra Əfran İsmayılov jurnalistlərin suallarını
cavablandırdı. Ona göstərilən etimada görə öz təşəkkürünü bildirən Əfran
İsmayılov “ayın oyunçusu” seçiləcəyini gözləmədiyini söylədi: “Mənə səs verənlərə
təşəkkür edirəm. Çalışacağam göstərilən etimadı doğruldum. “Unibank” və PFL-ə də
minnətdarlığımı bildirirəm. Bu aralar başımız o qədər qarışıqdı ki, heç “ayın
oyunçusu” seçiləcəyimi düşünmürdüm. Amma belə mükafatlar adamı daha da
ruhlandırır. Bu baxımdan bu mükafata çox böyük dəyər verirəm. Özümdən başqa bu
mükafata Georgi Adamiyanı layiq görərdim”.
“”Qəbələ” ilə kubok oyunu ağır keçdi. Bu oyuna çox ciddi hazırlaşmışdıq. “Qəbələ”nin
çox güclü hücum xətti var. Quzanlıda keçiriləcək oyunda çalışacağıq mərhələ
adlayan
komanda biz olaq. Çempionluq haqqında düşünmək hələ tezdi. Hazırda növbəti
oyuna köklənmişik. Yenə rəqibimiz “Qəbələ”dir. Çempionatın başa çatmasına 2-3
tur qalmış çempionluq haqqında düşünmək olar. Klublarımızda çox güclü müdafiəçilər var. Konkret
ad bildirməsəm də, onu deyə bilərəm ki, hər bir müdafiəçiyə qarşı oynamaq çətindi”.
|