Unibank Premyer Liqasının XIX turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu yeniləyib. Ağdamlılar ardıcıl 8-ci çempionat oyunundan da qapısından qol buraxmayıb.
“Simurq”u 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç bununla da quru seriyasını 722 dəqiqəyə çatdırıb. O, sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə (1:2) qapısında qol görüb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün lazım olan 660 dəqiqəlik normativi ödəyən serbiyalı legioner Azərbaycan çempionatları tarixinin 13-cü göstəricisinə imza atıb. “Qarabağ” tarixinin 2-ci nəticəsinin müəllifi indi bu siyahıda daha da irəliləməyə çalışacaq.
Qeyd edək ki, Pavloviçin nailiyyətinin İFFHS tərəfindən rəsmən tanınması üçün seriyanın qırılması zəruridir. Yalnız onun dəqiq göstəricisi müəyyənləşdikdən sonra qurumun Azərbaycan nümayəndəsi tərəfindən federasiya məlumatlandırılacaq və həmin vaxtdan sonra açıqlanacaq siyahıda Pavloviçin də adı olacaq.
Azərbaycan çempionatının ən uzun quru seriyaları 1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə 2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985 3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971 4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952 6. Elxan Həsənov (“Neftçi”) – 943 7. Dmitri Kramarenko (“Karvan”) – 798 8. Dmitri Kramarenko (“Neftçi”) – 772 9. Rauf Mehdiyev (“Olimpik”) – 746 10. Elşən Poladov (“Bakı”) – 744 11. Nadir Şükürov (“Dinamo”) – 741 12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735 13. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 722 14. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 15. Camaləddin Əliyev (“Qarabağ”) – 700
|